HAQQIMIZDA

    Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) 14 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində yaradılmışdır. Agentliyin yaradılmasında əsas məqsəd dünyanın müxtəlif bölgələrində hökm sürən sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsini təmin etmək olmuşdur. Eyni zamanda, Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf nəticəsində xarici ölkələrdən daxil olan və getdikcə artan müraciətlərə Azərbaycan Respublikasının zamanında və əlaqələndirilmiş şəkildə beynəlxalq yardımını təşkil etmək AIDA-nın əsas vəzifəsi kimi müəyyən edilmişdir.

     Xarici dövlətlərə yardımların göstərilməsi zamanı əməkdaşlıq, səmərəlilik, şəffaflıq və hüquq bərabərliyi prinsiplərini əsas götürərək, AIDA təsis olunduğu vaxtdan etibarən öz fəaliyyətini əsasən iki istiqamət üzərində qurmuşdur: humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa dəstək. Hal-hazırda, AIDA “Minilliyin İnkişaf Məqsədləri”ni rəhbər tutaraq, dünyanın inkişaf etməkdə olan ölkələrində iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Qeyd olunan proqramlardan faydalanan ölkələrin sayı artıq 30-u ötmüşdür və yaxın gələcəkdə bu proqramların şaxələndirilməsi, eləcə də faydalanan ölkələrin sayının artırılması nəzərdə tutulmuşdur.

    Hazırda AIDA BMT-nin İnkişaf Proqramı (UNDP), İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC Colombia) və bir sıra nüfuzlu beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə tərəfdaşlıq əlaqələrini genişləndirir.

    Ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AIDA, ölkəmizin xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir və bu istiqamətdə öz səylərini günü-gündən artırır.