PROQRAMLAR

Proqramlar

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) humanitar yardım və inkişafa yardım sahələrində müxtəlif proqram və layihələr həyata keçirir.

Humanitar yardım sahəsində həyata keçirilən proqramların əsas məqsədi dünyanın müxtəlif bölgələrində baş verən böhranların fəsadlarının aradan qaldırılması və zərərçəkən insanların həyat şəraitinin bərpa edilməsindən ibarətdir. Bir çox hallarda, humanitar yardım fəlakətlə üzləşmiş xarici ölkənin müraciəti əsasında təcili humanitar yardım şəklində göstərilir. Digər hallarda isə, humanitar yardımlar əvvəlcədən qəbul edilmiş yardım təyinatlı proqramlar çərçivəsində, davamlı olaraq humanitar yardıma ehtiyac duyan xarici ölkəyə göstərilir.

İnkişafa yardım sahəsində həyata keçirilən layihələr daha çox inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi inkişafın stimullaşdırılması üçün bu ölkələrin prioritetlərinə uyğun olaraq, maliyyə və texniki yardım şəklində, insan kapitalının artırılması və ölkələr arasında beynəlxalq əməkdaşlığın və sülhün möhkəmləndirilməsi məqsədilə həyata keçirilir.

İndiyədək, Agentlik tərəfindən göstərilən beynəlxalq yardımlardan ümumilikdə Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsi faydalanmışdır və yaxın gələcəkdə bu coğrafiyanın getdikcə genişləndirilməsi nəzərdə tutulmuşdur.

Humanitar yardım

Pakistan

4 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi altında AİDA və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin dəstəyi ilə Pakistanın ciddi içməli su problemindən əziyyət çəkən Dera İsmayil Xan ərazisinin Tank bölgəsində, ümumilikdə bölgədə yaşayan 40 minə qədər insanı içməli su ilə təmin edən “Heydər Əliyev Su Təchizatı layihəsi”-ni həyata keçirmişdir. Bununla yanaşı, 2014-cü il ərzində AIDA Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Pakistanın Cənubi Pəncab və Kəşmir əyalətlərində baş vermiş sel daşqınlarının nəticələrinin aradan qaldırılması və zərər çəkmiş insanlara humanitar yardım göstərilməsi məqsədilə bu ölkənin Multan, Muzaffargarh, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot, Canq və Hafizabad şəhərlərində, ümumilikdə 25 min zərərçəkmiş şəxsi əhatə edən silsilə humanitar yardım aksiyaları keçirmişdir.

Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası

AIDA İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasını 2012-2014-cü illər ərzində İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) uğurla həyata keçirməkdədir. Keçirilən humanitar aksiyalarda Azərbaycandan olan oftalmoloqlar da iştirak edirlər. Kampaniyalar nəticəsində bugünə qədər, ümumilikdə 10000-dən çox insanın görmə qabiliyyəti bərpa olunmuş, onların yenidən əmək fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaranmışdır. “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının hər il mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Fələstin dövlətinin Qəzza bölgəsi

2014-cü ilin may-iyun aylarında aparılmış hərbi əməliyyatlar nəticəsində Qəzza bölgəsində yaranmış ağır vəziyyət və humanitar böhranla əlaqədar BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə AIDA tərəfindən Fələstinə maliyyə yardımı göstərilmişdir. Qeyd olunmalıdır ki, bundan öncə də UNRWA vasitəsilə BMT Təhlükəsizlik Şurasının  2012-ci ilin 21 noyabr tarixində Qəzzada hərbi toqquşmaların dayandırılması və humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Fələstin xalqına humanitar yardımın göstərilməsi ilə bağlı bəyanatına cavab olaraq Qəzza bölgəsinə maliyyə yardımı edilmişdir.

Sent Vinsent və Qrenadin

2014-cü ildə kənd təsərrüfatı, enerji sektoru və digər sahələrində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən AIDA vasitəsilə Sent Vinsent və Qrenadinə yardım göstərilmişdir.

Filippin

2013-cü ildə Filippində baş vermiş, minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarının kəskin şəkildə qıtlığına səbəb olmuş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə AİDA BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə bu ölkəyə maliyyə yardımı etmişdir.

Suriyalı qaçqınlar

2012-ci ildə Suriyada yaşanan hadisələr nəticəsində ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə maliyyə yardımı göstərilmişdir.

Kuba

2012-ci ildə baş vermiş Sandi qasırğasının nəticələrinin aradan qaldırılması məqsədi ilə Kubaya maliyyə yardımı edilmişdir.

Panama

2012-ci ilin noyabr ayında aramsız yağan yağışlar nəticəsində Panamada yaranmış humanitar vəziyyətin fəsadlarının aradan qaldırılması məqsədi ilə bu ölkəyə maliyyə yardımı göstərilmişdir.

Burkina Faso

2011-2012-ci illərdə Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar İslam Əməkdaşlıq Təşkilatının qida çatışmazlığının və ərzaq böhranının aradan qaldırılması ilə bağlı müraciətinə cavab olaraq bu ölkəyə maliyyə yardımı göstərilmişdir.

İnkişafa yardım

Fələstin dövlətinin Qüds şəhərinin inkişafına dəstək

2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilmiş Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarında Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi, həmçinin infrastrukturunun təkmilləşdirilməsi çağırışlarına cavab olaraq, Agentlik tərəfindən həyata keçiriləcək yardım təyinatlı müxtəlif layihələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Əfqanıstanda Elektron hökumət layihəsi

Agentlik, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq çərçivəsində Əfqanıstanın Dövlət Qurumlarında Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində bu ölkədə elektron hökumət sisteminin qurulmasına və hökumət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım göstərir.

Xarici tələbələr üçün təqaüd proqramı

AIDA xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Azərbaycan Respublikasının universitetlərində təhsil almaq məqsədilə inkişaf etməkdə olan ölkələrdən tələbələr cəlb edir. 

Qonaq elmi işçilərin mübadiləsi proqramı

Agentlik ölkəmizdə fəaliyyət göstərən yerli tədqiqat mərkəzləri ilə həyata keçirdiyi birgə proqram çərçivəsində Azərbaycan və Xəzər hövzəsi regionu üzrə ixtisaslaşmış xarici ölkə tədqiqatçılarına bu regionla bağlı araşdırmaların aparılması üçün imkanlar yaradır. 2012 və 2015-ci illərdə proqram çərçivəsində 15 müxtəlif ölkədən olan tədqiqatçılar müxtəlif istiqamətlər üzrə araşdırmalar aparmışlar. 

İxtisasartırma kursları və seminarlar

AIDA Azərbaycanın ali təhsil ocaqları və elmi-tədqiqat institutları ilə birgə inkişaf etməkdə olan ölkələrin insan resurslarının gücləndirilməsi məqsədilə həmin ölkələrin mütəxəssisləri üçün müxtəlif sahələr üzrə ixtisasartırma kursları və seminarlar təşkil edir. Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC Colombia) ilə əməkdaşlıq çərçivəsində Latın Amerikası, Asiya və Afrikadan olan 26 ölkənin neft-qaz sahəsindəki mütəxəssisləri üçün Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunda enerji resurslarının emalı üzrə neft seminarı keçirilir, iştirakçılar arasında enerji sahəsində elmi əlaqə və mübadilənin aparılması təşviq olunur.