2018

İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramları

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilmişdir.
Təhsil qrantları proqramının şərtlərinə əsasən illik əsasda hər bir proqram üzrə 20 əcnəbi tələbəyə (beləliklə, hər iki proqram üzrə birlikdə 40 nəfər) təhsil qrantının ayrılması nəzərdə tutulur. 5 il müddətində davam edəcək proqramlar çərçivəsində ümumilikdə 200 əcnəbi tələbə təhsil qrantı əsasında Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alacaq. Verilən təhsil qrantının məbləğinə təhsil haqqı, aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş-gəliş) və ilkin tibbi yardım daxildir.
2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.
Hazırda aşağıdakı ölkələrin vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar.

Qoşulmama Hərəkatı üzrə: Çili, Eritreya, Efiopiya, Keniya, Qambiya, Lesoto, Mavriki, San Tome və Prinsipi, Svazilend, Şri Lanka, Özbəkistan, Tailand, Timor-Leste, Vanuatu, Uqanda

İslam Əməkdaşlıq Təşkilatı üzrə: Əfqanıstan, Fələstin, Livan, Malayziya, Maldiv, Misir, Mavritaniya, Mərakeş, Nigeriya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Yəmən

Təhsil qrantı proqramlarına qəbul üzrə elana keçid

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ