29/05/2018

AIDA-nın dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində kitab nəşr olunub

Link: https://azertag.az/


Qahirə, 28 may, AZƏRTAC

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman Şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitab işıq üzü görüb. Bu, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində ilk fundamental kitabdır.

Müəllifi Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimov olan kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Beş fəsildən ibarət kitab Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunub.

Kitabın birinci fəsli “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti” adlanır. Bu fəsildə ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi məsələlərinə toxunulub.

“Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika (1918-1920)” adlı ikinci fəsildə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə məlumatlar verilir. Cümhuriyyətin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilir. Bu fəsildə, həmçinin erməni təcavüzü, 31 mart soyqırımı, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasətinin aparılması kimi məsələlərə toxunulur.

“Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlı üçüncü fəsildə Cümhuriyyətin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın problemləri, Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər, 1988-ci ildə yenidən başlayan erməni təcavüzü və işğalı, qanlı 20 Yanvar hadisələri ilə bağlı məlumatlar öz əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə müstəqilliyin ilk illərində ölkə daxilində baş verən siyasi və iqtisadi problemlər, xaricdən gələn təhdidlər, ölkəmizin ərazisinin 20 faizinin işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi, bu dövrdən başlayaraq Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumat verilir.

Kitabın beşinci fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi inkişaf mərhələləri, müxtəlif sahələrdə qazandığı nailiyyətlər, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və s. məsələlər barədə məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, müəllifin bundan əvvəl Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı da Misirdəki səfirliyimizin dəstəyi ilə ərəb dilində çap edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ