21/08/2018

İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur

Link: https://azertag.az/

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət nəticəsində yardım alan ölkədən donor ölkəyə çevrilən Azərbaycanın beynəlxalq yardım siyasəti mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və müvafiq qurumların nəşrlərində geniş şəkildə işıqlandırılır.

Belə ki, İslam İnkişaf Bankının (İİB) cari ildə çap olunmuş “Qarşılıqlı əlaqə: Cənub-Cənub Əməkdaşlığı vasitəsilə İnkişaf” (Reverse Linkage: Development through South-South Cooperation) nəşrində ölkəmizin bu qurumla strateji tərəfdaşlığını əks etdirən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyası, strateji tərəfdaşlıq” başlıqlı məqalə dərc edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın yardımsevərliyini əks etdirən məqalə ölkəmizin çoxtərəfli diplomatiyasının və beynəlxalq yardım siyasətinin növbəti nailiyyəti, həmçinin yumşaq güc strategiyasının effektivliyinin daha bir uğurlu nümunəsidir.

Sözügedən məqalədə yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə malik olan ölkəmizin digər inkişaf etməkdə olan ölkələrlə təhsil, elm, informasiya və kommunikasiya texnologiyaları sahələrində öz nailiyyətlərini bölüşərək onların inkişafına töhfə verdiyi qeyd edilib və bu alicənab missiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) /AIDA/ aparıcı rolu vurğulanıb. Məqalədə AIDA və İslam İnkişaf Bankı arasında strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən göz əməliyyatları kampaniyasının birinci mərhələsi ərzində 300,000-dən çox insanın müayinə olunduğu və 56,000-dən artıq insanın görmə qabiliyyətinin bərpa olunduğu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən olan həkimlərin bu əməliyyatlarda fəal iştirak etdiyi və öz təcrübələrini yerli mütəxəssislərlə bölüşdüyü əks olunub. Eyni zamanda, İİB-lə digər sahələrdə, o cümlədən “ASAN xidmət” modelinin İslam ölkələrində təşviqi ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcudluğu qeyd olunub.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ