30/11/2018

Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub

Link: http://azertag.az/

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Varşava Universitetində yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Mərkəzin yaradılmasının önəmini vurğulayıb. Səfir ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu bildirib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Tədbirdə, həmçinin Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Poitr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış ediblər. Qeyd olunub ki, 2013-cü ildən etibarən Varşava Universitetində AIDA-nın dəstəyi ilə həyata keçirilən Azərbaycan dili və mədəniyyətinin tədrisi uğurlu nəticələr verir. Azərbaycanşünaslıq Mərkəzinin yaradılması bu uğurların bariz nümunəsidir.

Azərbaycan dili və mədəniyyəti tədris proqramının rəhbəri Şəhla Kazımova, AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov və AIDA-nın direktor müavini xanım Aliyə Ağazadə də açılış mərasimində çıxış ediblər.

A.Ağazadə AIDA barədə geniş məlumat verərək bildirib ki, vaxtilə Azərbaycana yardım göstərilirdi, lakin bu gün ölkəmiz beynəlxalq aləmdə yeni simada - donor kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlərə, eyni zamanda, iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Mərkəzin əməkdaşı Nərgiz Axundova Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb, eyni zamanda, Mərkəzin məqsəd və fəaliyyətinə həsr edilmiş geniş təqdimatla çıxış edib.

Açılışda Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin dekanı, şərqşünaslıq fakültəsinin professorları, azərbaycanlı və polşalı tələbələr, həmçinin diplomatlar iştirak ediblər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ