30/11/2018

“Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu başa çatıb

Link: http://azertag.az/

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin əməkdaşlıq çərçivəsində Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün həyata keçirdikləri “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu başa çatıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs noyabrın 10-dan 30-dək davam edib. İxtisasartırma kursunda 16 ölkədən (Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnam) diplomatlar iştirak ediblər.

Proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr, işçi seminarlar təşkil edilib.

Əcnəbi diplomatlar, həmçinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Səngəçal neft terminalında, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.

Proqramın bağlanış mərasimində Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılarla görüşüb, onlara proqramı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim edib. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.

Qeyd edək ki, AIDA 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi, xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ