07/05/2019

Cenevrədə Azərbaycanın donorluq fəaliyyəti ilə bağlı konfrans keçirilib

Link: https://az.trend.az/

7 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Humanitar donorluğunun inkişafı və tərəfdaşlığın vacibliyi” mövzusunda BMT-nin Cenevrə Bölməsində beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, konfransı açan Azərbaycanın daimi nümayəndəsi səfir Vaqif Sadıqov öz çıxışında qeyd edib ki, bir çox ölkələr və beynəlxalq qurumların qlobal miqyasda apardığı geniş humanitar fəaliyyət getdikcə inkişaf edir, çünki davam edən regional münaqişələr, məcburi miqrasiya böhranları, iqlim dəyişikliyi, təbii və texnogen fəlakətlər nəticəsində beynəlxalq ictimaiyyət yeni vəzifələrlə üzləşir. Apardığı uğurlu sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycan nisbətən qısa müddət ərzində yüksək insan inkişafı indeksi olan yuxarı orta gəlirli ölkəyə çevrilmişdir. Bu tərəqqi də öz növbəsində Azərbaycanı mühüm beynəlxalq və regional layihələrinin təşəbbüskarına və humanitar fəaliyyət üzrə yeni donor ölkəsinə çevirmişdir.

Giriş sözü ilə çıxış etmiş Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə BMT-nin Baş Katibinin müavini Rəşid Xalikov Antonio Quterreşin konfrans iştirakçılarına müraciətini oxudu. Müraciətdə BMT-nin Baş Katibi tərəfdaş və donor ölkə kimi Azərbaycanın ehtiyacları olan insanlara ikitərəfli, eləcə də BMT və digər çoxtərəfli formatlar çərçivəsində göstərdiyi humanitar yardımı yüksək qiymətləndirərək, Azərbaycana təşəkkürünü ifadə etdi. Daha sonra Rəşid Xalikov bu vacib tədbirin təşkil edilməsinə görə Azərbaycana təşəkkürünü bildirərək qeyd etdi ki, humanitar böhranlar insanların həyatına təsir göstərir, və bu böhranların fəsadlarına cavab verən Azərbaycanın dəyərli fəaliyyəti təqdirəlayiqdir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi ilə Azərbaycan arasında əməkdaşlıqdan danışaraq, BMT-nin Baş Katibinin müavini Yəməndə davam edən humanitar böhranla əlaqədar BMT tərəfindən hazırlanmış Humanitar Əməliyyatlar Proqramına bu yaxınlarda Azərbaycanın göstərdiyi maliyyə yardımı xüsusilə vurğulayıb.

Konfransın açılış sessiyasında çıxış etmiş Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın yeni donor olaraq bu sahədə həyata keçirtdiyi fəaliyyətdən bəhs edərək, xüsusilə vurğulayıb ki, hazırda Azərbaycanın donorluq fəaliyyəti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzün nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Hökumətinin göstərdiyi səylərə paralel olaraq həyata keçirilir.

Daha sonra iki sessiyada işini davam edən konfransda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi, İslam Əməkdaşlığı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanın çox qısa bir müddət ərzində yardımı qəbul edən ölkədən donor ölkəyə çevrilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, Azərbaycan tərəfindən bir çox ölkələrə humanitar yardımın göstərilməsi istiqamətində oynadığı vacib rolu vurğulayıblar.

“Dəyişməkdə olan humanitar vəziyyətdə donorluğun inkişaf perspektivləri” adlı birinci sessiyada çıxış etmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov 90-cı illərdə ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyi ağır humanitar vəziyyət zamanı BMT ilə əməkdaşlıqdan və bir çox ölkələrin Azərbaycana göstərdiyi humanitar yardımdan danışaraq, hazırda Azərbaycanın özünün məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı fəaliyyət apardığı, son illərdə məcburi köçkünlər üçün yeni qəsəbələrin salındığı, və işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edildiyi barədə məlumat verib. Həmin sessiyada həmçinin mövzu üzrə Səudiyyə Ərəbistanın Kral Salman adına Humanitar Yardım Mərkəzinin, Koreya Respublikası Xarici İşlər Nazirliyi yanında İnkişaf Yardımı Agentliyinin nümayəndələri və Haitinin Cenevrədəki BMT Bölməsi yanında səfiri bu ölkələrin donorluq sahəsində əldə etdikləri təcrübələrini konfrans iştirakçıları ilə bölüşdürdülər.

“Humanitar ehtiyaclar və təhdidlər” adlı ikinci sessiyada çıxış etmiş bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri apardıqları fəaliyyət haqqında məlumat verdilər. Bu sessiyada Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) direktor müavini Aliyə Ağazadə AİDA-nın fəaliyyəti barədə danışaraq, Agentliyin ehtiyacı olan ölkələrdə həm humanitar yardım, həm də inkişafa yardım sahələrində layihələr həyata keçirdiyini, eləcə də inkişafda olan ölkələrin tələbələrin Azərbaycanın aparıcı universitetlərində təhsil aldıqlarını bildirib. Ümumiyyətlə, son illər ərzində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımdan 89 dövlət və 2 milyondan artıq insanın yararlandığı qeyd edilib.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən AİDA tərəfindən nəşr edilmiş və Azərbaycanın donor ölkəsi kimi 2005-2018-ci illərdəki fəaliyyətini işıqlandıran kitabın təqdimatı keçirilib, konfrans iştirakçılarına AİDA-nın işi haqqında video film nümayiş etdirilib və foto-sərgi təşkil edilib.

Konfransda Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, BMT agentlikləri və qeyri-hökumət təşkilatlarından olan yüzdən artıq nümayəndə iştirak edib.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ