22/05/2019

Parisdə AIDA və INALCO əməkdaşlıq müqaviləsi imzalayıb

Link: https://az.trend.az/

Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) bu ölkədəki səfirimiz Rəhman Mustafayev, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Seymur Fətəliyev, səfirliyimizin müşaviri Vaqif Ağayev INALCO-nun yeni prezidenti Jan-Fransua Üşe, beynəlxalq əlaqələr üzrə vitse-prezident Jil Forlo və beynəlxalq əlaqələr departamentinin rəhbəri Jüli Volf ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşün məqsədi INALCO-da Azərbaycan dili, ədəbiyyatı və sivilizasiyasının tədrisini müzakirə etmək və bu sahədə yeni müqavilə imzalamaq olub.

Səfir Rəhman Mustafayev Azərbaycan dili haqqında danışıb. XIX əsrdə Qafqaza gələn fransız yazıçısı Aleksandr Dümanın öz qeydlərində “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir” yazdığını xatırladaraq, dilimizin bu təhsil ocağında tədris edilməsinin əhəmiyyətinə toxunub.

Sonra AIDA-nın rəhbəri Seymur Fətəliyev qurumun məqsəd və fəaliyyəti haqqında geniş məlumat verib. AIDA-nın beynəlxalq səviyyədə humanitar və inkişaf, eləcə də təhsil və tədqiqat sahələrində həyata keçirdiyi layihələrdən söz açıb. AIDA-nın inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmış layihələrdən danışıb. Bildirib ki, AIDA-nın dəstəyi ilə 7 ölkənin 8 elmi mərkəzində Azərbaycanla bağlı tədqiqat işləri aparılır.

Jan-Fransua Üşe INALCO-da 20 ildir Azərbaycan dilinin tədris olunduğunu bildirib. O vurğulayıb ki, bu sahədə mövcud potensialdan maksimum istifadə edilməlidir.

Tərəflər bu gün dil tədrisinin əhəmiyyətini diqqətə çatdıraraq, Azərbaycan dili, ədəbiyyatı və sivilizasiyasının INALCO-da tədrisini müzakirə ediblər.

Sonda Seymur Fətəliyev və Jan-Fransua Üşe Azərbaycan dili, ədəbiyyatı və sivilizasiyasının tədrisinə dair əməkdaşlıq müqaviləsini imzalayıblar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ