28/09/2019

AIDA ilə Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Link: https://azertag.az/

Xarici İşlər Nazirliyinin Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi - AIDA və Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov və La Plata Dövlət Universitetinin prezidenti Fernando Tauber tərəfindən imzalanan müqavilədə 2012-ci ildən La Plata Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə, xüsusilə Azərbaycanın cari siyasəti, iqtisadiyyatı, mədəniyyəti və tarixi barədə tədqiqat layihələrinin aparılması, başlıca maraq dairələri ilə bağlı akademik kursların tədrisi, təbliğat fəaliyyətinin təşkili və tədqiqatların nəşr edilməsinə dəstək verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanşünaslıq kafedrası Cənubi Amerikada Azərbaycanın öyrənilməsi məqsədini daşıyan ilk təşəbbüs olaraq təsis edilib. Fəaliyyətdə olduğu 7 il ərzində kafedra Azərbaycanla bağlı akademik işlərin inkişafı məqsədilə seminarlar təşkil edib, kitablar nəşr edilib, ölkəmizin həqiqətlərinin Argentina ictimaiyyətinə, elmi-akademik və ictimai-siyasi dairələrinə çatdırılması, Azərbaycan və ümumilikdə Xəzər regionu ilə bağlı tədqiqatların aparılmasını təşviq edilib. Həmçinin kafedranın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Azərbaycanın qurulması”, “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu”, “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı-inşa müsabiqəsinin qaliblərinin yazılarının toplusu olan eyniadlı kitab ispan dilində dərc olunub.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ