11/11/2019

İƏİT-in İnkişafa Dəstək Komitəsinin tamhüquqlu üzvü olan AIDA qurumun iclasında təmsil olunub

Link: https://azertag.az/

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ölkəmizin iştirakçı statusu əldə etdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişafa Yardım Komitəsinin Parisdə mənzil qərargahında keçirilən iclasında təmsil olunub.

AZƏRTAC xəbər verir ki, İƏİT-in İnkişafa Yardım Komitəsinə üzv ölkələrin, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) nümayəndələri iştirak ediblər. İclasda AIDA-nı Xarici İşlər Nazirliyinin III katibi Günel Rzayeva təmsil edib.

İnkişafa Yardım Komitəsinin görüşünün əsas məqsədi münaqişədən əziyyət çəkən və qeyri-stabil şəraitdə olan ölkələrə humanitar yardım mexanizminin inkişafı yollarını müzakirə etmək və bu sahədə təcrübə mübadiləsini bölüşmək olub. Eyni zamanda, iclasda qeyri-stabil şəraitdə olan ölkələrdə münaqişələrin qarşısının alınması, həmçinin münaqişə baş vermiş ölkələrdə qaçqınların vəziyyətinin yaxşılaşdırılması və sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün tələb olunan maliyyələşdirmə məsələləri müzakirə olunub.

Qeyd edək ki, İƏİT-in İnkişafa Dəstək Komitəsi inkişafa dəstək sahəsində əsas donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb. Ölkəmiz 2017-ci ildən bu təşkilatla əməkdaşlıq edir.

AIDA-nın fəallığı nəticəsində 2019-cu il oktyabrın 15-də Parisdə İƏİT-in toplantısında Azərbaycan Respublikasının bu nüfuzlu qurumun İnkişafa Dəstək Komitəsinə tamhüquqlu üzv kimi qəbuluna qərar verilib və bununla ölkəmiz növbəti beynəlxalq uğura imza atıb.

Azərbaycan MDB məkanında göstəricilərinə görə İƏİT-in İnkişafa Dəstək Komitəsinə üzvlük tələblərinə cavab verən ilk və MDB daxilində bu qurumda ən yüksək statusda təmsil olunan yeganə ölkədir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ