10/05/2013

AIDA Agentliyinin İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyası cari ilin 4-10 may tarixlərində Burkina Fasoda baş tutmuşdur.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (Azerbaijan International Development Agency - AIDA) İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində ötən ildən bəri İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyası cari ilin 4-10 may tarixlərində Burkina Fasoda baş tutmuşdur.

AİDA-nın təşəbbüsü ilə ilk dəfə olaraq kampaniyada Azərbaycandan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin iki oftalmoloq-cərrahı: Emil Hüseynov və Məhərrəm Pirmətov iştirak etmiş və yüksək peşəkarlıq nümayiş etdirərək Afrika ölkələri üçün səciyyəvi olan çətin şəraitdə çoxsaylı uğurlu göz-katarakt əməliyyatları həyata keçirmişlər. Belə ki, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 65 insan Azərbaycan həkimləri tərəfindən əməliyyat edilərək öz sağlamlığına qovuşmuşdur.

Ümumilikdə bu humanitar aksiya ərzində ödənişsiz əsasda 1500 dən çox insan göz müayinəsindən keçmiş, 375 insanın isə göz əməliyyatları nəticəsində görmə qabiliyyəti bərpa edilmişdir. Bununla yanaşı yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri təşkil edilmişdir.

Sözügedən humanitar aksiyada iştirak etmək məqsədilə AİDA Agentliyinin rəisi Əşrəf Şıxəliyev bu ölkəyə səfər etmişdir. Səfər çərçivəsində Agentliyin rəisi Burkina Fasonun səhiyyə naziri, xarici işlər və regional əməkdaşlıq nazirinin müavini və İqtisadiyyat və Maliyyə Nazirliyinin baş katibi ilə görüşlər keçirmişdir. Görüşlər zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzkirə edilmiş, AİDA-nın fəaliyyət istiqaməti və həyata keçirdiyi proqramlar haqda geniş məlumat verilmiş və Azərbaycan həkimlərinin ilk dəfə olaraq Burkina Fasoda həyata keçirilən kampaniya çərçivəsində işitrakı xüsusi olaraq qeyd edilmişdir.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Burkina Fasonun kütləvi informasiya vasitələrində işıqlandırılmış və mövzuya ölkənin aparıcı qəzetləində geniş yer ayrılmışdır.

AİDA və İslam İnkişaf Bankı tərəfindən oxşara birgə humanitar aksiyalar cari il ərzində Afrikanın Benin, Çad, Kamerun, Cibuti, Qvineya, Mali və Niger kimi ölkələrində də, keçirilməsi nəzərdə tutulur.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ