27/10/2018

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilmişdir

26 oktyabr, 2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) təşkilatçılığı ilə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin açılış sessiyası Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti ilə başlamışdır. Müraciət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini cənab Hikmət Hacıyev tərəfindən səsləndirilmişdir.

Daha sonra, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov, AMEA-nın prezidenti cənab Akif Əlizadə və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov tədbirdə açılış nitqi ilə çıxış etmişlər.

Dəyirmi masa zamanı 8 sentyabr 2018-ci il tarixində yaradılmış və tarixdə ilk dəfə olaraq, Azərbaycanda təhsil almış əcnəbiləri bir araya gətirən “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiyasiyası”nın Xarici İşlər Nazirliyinin AİDA Agentliyi tərəfindən təqdimatı keçirilmişdir.

Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılmış təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqə yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunması, ictimai faydalı məqsədlərə nail olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) çıxış edir.

Dəyirmi masa zamanı “Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu”, “Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində” və “İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzularında müzakirələr aparılmışdır.

Tədbirdə vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 60-dan çox əcnəbi tələbə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantı proqramları çərçivəsində hal-hazırda ölkəmizdə təhsil alan əcnəbi tələbələr, Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri və digərləri iştirak etmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ