01/11/2018

AIDA nümayəndə heyəti Parisdə OECD/DAC-ın Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş görüşündə iştirak etmişdir

Cari ilin 29-31 oktyabr tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri cənab Seymur Fətəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Nəticələr Şurasının Parisdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının effektivliyinin artırılmasına həsr edilən görüşündə iştirak etmişdir.

Görüşün keçirilməsində əsas məqsəd Komitəyə üzv və qonaq statusu daşıyan ölkələrin inkişafa yardım təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində gördüyü işlərin qiymətləndirilməsi və rast gəldikləri ümumi çətinliklərin aradan qaldırılması üsullarının müzakirəsidir. Görüş zamanı, çoxtərəfli təşkilatlar, yeni yaranan donorlar və tərəfdaş ölkələr tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün göstərilən inkişafa yardımın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı, həmçinin AİDA nümayəndə heyəti ilə təşkilatın İnkişaf üzrə Əməkdaşlıq Direktorluğunun rəhbəri cənab Jorge Moreira da Silva arasında görüş keçirilmiş və Azərbaycanın OECD/DAC ilə əməkdaşlığının daha da gücləndirilməsi müzakirə olunmuşdur.

Ölkəmizin 2017-ci ildən qonaq statusunda təmsil olunduğu bu prestijli təşkilatın görüşlərində aparıcı donor ölkələri ilə birlikdə iştirakı yeni donor ölkəsi olan Azərbaycan tərəfindən göstərilən humanitar və inkişafa yardımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın donor alan ölkədən donor təqdim edən ölkəyə çevrilməsi OECD/DAC tərəfindən də yüksək qiymətləndirilir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ