14/12/2018

AİDA tərəfindən Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərilmişdir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Argentinanın La Rioja əyalətində fiziki məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən bir neçə xüsusi məktəbə zəruri avadanlıqların alınması layihəsini həyata keçirmişdir. Ulapes şəhərində keçirilən təqdimat mərasimində La Rioja əyalətinin qubernatoru Serxio Kasas (Sergio Casas), əyaləti Argentina Milli Konqresində təmsil edən, həmçinin Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun katibi deputat Danilo Flores (Danilo Flores) yerli qanunverici orqanın və bələdiyyə nümayəndələri, həmçinin şəhər sakinləri iştirak etmişdir.

Mərasimdə çıxış edən S.Kasas fiziki məhdudiyyətli uşaqların təhsil aldığı məktəblərin zəruri avadanlıqlarla təmin olunması layihəsinin həyata keçirilməsində əvəzsiz dəstəyinə görə AIDA-nın timsalında Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir. Deputatı D.Flores əyalətin qanunverici orqanının nümayəndələrinin Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyinə yardım barəsində müraciətinin müsbət nəticələnməsinin əyalətdə, xüsusilə fiziki məhdudiyyətli uşaqların valideynləri tərəfindən xüsusi minnətdarlıqla qarşılandığını, bu kimi humanitar xarakterli layihələrin xalqlararası təmasların gücləndirilməsinə və Azərbaycan haqqında müsbət təəssüratların formalaşamasına öz töhvəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Daha sonra çıxış edən səfir Rəşad Aslanov Azərbaycan hökumətinin uğurlu siyasi və iqtisadi strategiyası nəticəsində ölkəmizin yardım alan ölkədən yardım edən ölkəyə çevrildiyini bildirmiş və sosial, humanitar xarakterli layihələrin həyata keçirilməsində önəmli rol oynayan, 2011-ci ildə təsis edilmiş AIDA-nın fəaliyyəti barəsində mərasim iştirakçılarına məlumat vermişdir. Hazırda AIDA tərəfindən göstərilən beynəlxalq yardım proqramlarından faydalanan ölkələrin sayının artıq 40-ı ötdüyünü diqqətə çatdıran R.Aslanov yaxın gələcəkdə bu proqramların şaxələndirilməsi, eləcə də faydalanan ölkələrin sayının artırılmasının nəzərdə tutulduğunu qeyd etmişdir. Diplomat bəşəriyyətin gələcəyi olan uşaqların, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil səviyyəsi və hərəkət sərbəstliyinin artırılması və bərabər təhsil imkanlarının təmin olunmasına xidmət edən missiyada iştirak etməyin məmnunluq doğurduğunu qeyd etmişdir. Həmçinin, bu missiya ilə Argentinanın AIDA-nın əhatə dairəsinə daxil olduğunu və gələcək əməkdaşlıq üçün yeni perspektivlərə yol açdığını əlavə etmişdir.

Sonda görmə qabilliyətinin ölçülməsi üçün cihaz, yerimə və ayaqüstə dayanma qabiliyyəti olmayan uşaqlar üçün xüsusi avadanlıq, uşaq stimullaşdırıcı avadanlıqlar, görmə qabiliyyəti olmayanlar üçün xüsusi toplar, üzərində işıq, qum və yazı üçün tabletlər olan sensorlu masalar, uşaqlar üçün təzyiqölçən aparatlar, rəqəmsal surətçıxarıcı və digər zəruri avadanlıqlar rəsmilərin, uşaqların və valideynlərin iştirakı ilə məktəb rəhbərlərinə təqdim edilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ