30/03/2019

Ankarada keçirilmiş humanitar yardımların əlaqələndirilməsi üzrə beynəlxalq tədbirdə Azərbaycanın donorluq fəaliyyəti maraqla qarşılanmışdır

Türkiyə Xarici İşlər Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Təbii Fəlakətlərin və Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD), eləcə də Türk Qızıl Aypara Cəmiyyətinin 28-29 mart 2019-cu il tarixlərində Ankarada birgə təşkil etdiyi “Mərkəzi Asiya ölkələri və Azərbaycanın çoxtərəfli humanitar yardım sistəmində fəaliyyətlərinə dəstəyin göstərilməsi” adlı beynəlxalq tədbirdə ölkəmizin nümayəndəsi iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşı Etibar Kərimov ölkəmizin milli donor institutu olan AİDA-nın həyata keçirdiyi proqram və layihələrindən, o cümlədən beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində ölkəmizin əldə etdiyi təcrübəsindən bəhs etmiş, bundan iştirakçı dövlətlərin faydalana biləcəyini qeyd etmişdir.

Seminarda iştirak etmiş BMT Baş katinin humanitar yardımlar üzrə müavini Rəşid Xalikov və digər aparıcı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın donor qismində fəaliyyətini alqışlayaraq ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişlər.

Məlumat üçün qeyd etmək istərdik ki, seminarın təşkilində əsas məqsəd Türki dilli dövlətlər və BMT qurumları arasında beynəlxalq humanitar yardımın göstərilməsi istiqamətində təcrübə və fikir mübadiləsinin sürətlənməsi, əməkdaşlıq imkanlarının artırılmasından ibarətdir. Tədbirdə BMT Baş katibinin müavini ilə yanaşı, Türkiyə xarici işlər nazirinin müavini Fərrux Qaymaqçı, Qazaxıstan xarici işlər nazirinin müavini Yerjan Aşıkbayev, BMT-nin Agentliklərarası Daimi Komitəsinin rəhbəri Mervat Şelbaya, Mərkəzi Asiya ölkələri, TİKA, AFAD, eləcə də digər milli və beynəlxalq donor təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ