19/04/2019

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi 15-19 aprel 2019-cu il tarixlərində Nyu Yorkda təşkil edilmiş “İnkişafın Maliyyləşdirilməsi Forumu”nda çıxış etmişdir

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi Etibar Kərimov BMT-nin Sosial-İqtisadi Şurası (ECOSOC) tərəfindən 15-19 aprel 2019-cu il tarixlərində təşkil edilmiş İnkişafın Maliyyələşməsi Forumu”nda çıxış edib.

AİDA nümayəndəsi çıxışı zamanı qeyd etmişdir ki, son dövrlər aparılmış uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan yardım alan ölkədən donor dövlətə çevrilmişdir. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə dünyanın 90 ölkəsinə iki və çoxtərəfli əsasda yardım etmiş, ölkəmizin yardımından faydalanan insanların sayı 2 milyona yaxın olmuşdur. Donor ölkəsi kimi Azərbaycan maraqlı nümunə təşkil edir. Ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən hələ də davam etməkdə olan təcavüzü nəticəsində 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilmişdir. Davam etməkdə olan işğala baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bərpa etməyə və şaxələndirməyə nail olmuş, yoxsulluq səviyyəsini 49%-dən 5%-dək azaltmışdır. Xüsusilə, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasını, onlara əsaslı ictimai xidmətlərin göstərilməsini təmin etmişdir. Bu sahədə ölkəmizin əldə etdiyi təcrübə inkişaf naminə beynəlxalq əməkdaşlıq çərçivəsində maraqlı ölkələrlə bölüşülə bilər.

E. Kərimov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq ölkəmizin universitetlərində ali təhsil almaq imkanlarının yaradılması məqsədilə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gəncləri üçün təsis edilmiş təqaüd proqramları barədə iştirakçıları məlumatlandırmışdır.

Plenar sessiyalar, dəyirmi masa müzakirələri və bağlanış plenar sessiyadan ibarət olan Forumun keçirilməsində əsas məqsəd davamlı inkişafın təmin edilməsində innovativ maliyyələşmənin rolu, davamlı inkişafın institusional inkişafı, bu istiqamətdə bilik, informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsi məsələlərinin müzakirəsini aparmaqdan ibarət olmuşdur.

Tədbirin sonunda inkişafın maliyyləşməsi ilə əlaqədar yekun sənəd və bu sənədin qəbul edilməsi ilə əlaqədar BMT Baş Assambleyasına təqdim ediləcək qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ