17/12/2019

İstanbulda keçirilmiş beynəlxalq tədbirdə AIDA-nın nümayəndələri iştirak etmişdir

Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA), BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi (UNOSSC), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİKA), İslam İnkişaf Bankı (İİB) ilə birgə 11-13 dekabr 2019-cu il tarixlərində İstanbulda təşkil etdiyi “İİB-yə üzv dövlətlərin milli inkişaf agentliklərinin 4-cü görüşü” və “Beynəlxlaq əməkdaşlıq agentlikləri rəhbərlərinin yüksək səviyyəli forumu”nda Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri Gülnarə Ağalarova və Etibar Kərimov iştirak etmişdir.

Görüşdə təqdimatla çıxış edən Etibar Kərimov, 2019-cu ili ərzində beynəlxalq əməkdaşlıq və yardım sahəsində ölkəmiz tərəfindən görülmüş işlərə toxunaraq bildirmişdir ki, milli donor institutu olan AIDA səmərəli əməkdaşlıq naminə qlobal tərəfdaşlıq təşəbbüsünə önəm verir. Xüsusilə, beynəlxalq tədbirlər vasitəsilə təcrübə mübadiləsi, müxtəlif yardım formatlarının müəyyən edilməsi, eləcə də iki və çoxtərəfli əsaslarda birgə layihələrin həyata keçirilməsi prioritet təşkil edir. Cari ilin oktyabr ayından Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikası tərəfindən indiyədək 100-dən artıq ölkəyə yardım edilmiş, bu yardımlardan 2 milyondan çox insan birbaşa faydalanmışdır. E.Kərimov AIDA-nın həyata keçirdiyi qlobal-regional proqram və layihələrindən bəhs etmiş, Cənub-Cənub Əməkdaşlığı çərçivəsində beynəlxalq əməkdaşlığın problemləri və qarşıda duran vəzifələrinə toxunmuşdur.

Tədbir sırasında həmçinin bir çox təşkilatlarla ikitərəfli görüşlər keçirilmişdir.

Məlumat üçün qeyd etmək istərdik ki, tədbirlərin təşkilində əsas məqsəd “2030-cu ilədək beynəlxalq inkişaf Gündəliyi”nin həyata keçirilməsində Cənub-Cənub Əməkdaşlığının rolunun müzakirəsi, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur. Tədbirlərdə İİB üzv ölkələrinin rəsmi inkişaf agentlikləri, TİKA, UNOSSC, JİKA, İİB, OECD, UNİCEF, Türk Şurası, FAO və digər aparıcı beynəlxalq təşkilatlar, eləcə də elmi dairələrin, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ