17/04/2017

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində (OECD DAC) qonaq statusu əldə etmişdir

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən bəri aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu və prestijli beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaqdır.

Dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət göstərən və ənənəvi donor ölkələrini bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, bu prestijli təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edəcəkdir.

Qeyd edək ki, 1961-ci ildən Parisdə fəaliyyət göstərən, 35 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır. İnkişafa Yardım üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli töhfə verən digər ölkələr də təmsil olunur. Hal-hazırda OECD/DAC iclaslarında qonaq statusunda təmsil olunan ölkələrə Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan və Cənubi Afrika daxildir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ