23/10/2014

Azərbaycan dövləti tərəfindən Pakistanda yardım aksiyalarına start verilmişdir

23 oktyabr 2014-cü ildə Pakistanın İslamabad şəhərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən ötən ayın əvvəllərində Pakistanın Cənubi Pəncab və Kəşmir əyalətlərində baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlara humanitar yardım göstərilməsi məqsədilə başlanılan silsilə humanitar aksiyalara həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimdə Pakistanın Parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd, Pakistan Parlamentinin 10 deputatı, tanınmış siyasətçilər, ziyalılar, təbii fəlakətdən zərər çəkmiş insanlar, həmçinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Müvəqqəti işlər vəkili İlham Məmmədov Azərbaycan-Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, eləcə də Heydər Əliyev Fondu və AIDA-nın Pakistanda həyata keçirdiyi layihələri barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Ali qonaq qismində çıxış edən Parlament işləri üzrə nazir Şeyx A.Əhməd Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımı iki qardaş ölkə arasında olan münasibətlərin yüksək göstəricisi kimi qiymətləndirmiş, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olduğuna görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Məlumat üçün qeyd etmək istərdik ki, oxşar humanitar aksiyaların yaxın zamanlarda Pakistanın Multan, Muzaffargarh, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot və digər şəhərlərində keçirilməsi və bununla ümumilikdə 25 min zərərçəkmiş şəxsin əhatə olunması planlaşdırılır. Paylanılan yardım bağlamaları 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan müxtəlif qida məhsullarından ibarətdir.

Sözügedən mərasim Pakistanın aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzet və jurnallarında geniş şəkildə işıqlandırılmış və ictimaiyyətin dərin marağına səbəb olmuşdur.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ