Ümumi məlumat

İqtisadi cəhətdən sürətlə inkişaf edən, dünya xalqları və dövlətləri arasında getdikcə daha böyük nüfuz qazanan Azərbaycan Respublikası artıq uzun müddətdir ki, donorluq missiyasını həyata keçirir və qlobal inkişaf prosesində yaxından iştirak edir.

Artıq Azərbaycan beynəlxalq aləmdə yeni simada - donor ölkəsi kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlərə, eyni zamanda iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) 14 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində yaradılmışdır. Agentliyin yaradılmasında əsas məqsəd dünyanın müxtəlif bölgələrində hökm sürən sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsini təmin etmək olmuşdur. Eyni zamanda, son on ildə Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf nəticəsində ölkəmiz yardım alan ölkədən yardım edən ölkəyə çevrilmişdir.

Xarici dövlətlərə yardımların göstərilməsi zamanı əməkdaşlıq, səmərəlilik, şəffaflıq və hüquq bərabərliyi prinsiplərini əsas götürərək, AİDA təsis olunduğu vaxtdan etibarən öz fəaliyyətini əsasən iki istiqamət üzərində qurmuşdur: humanitar yardımın göstərilməsi və beynəlxalq inkişafa dəstək. Hal-hazırda, AİDA tərəfindən göstərilən beynəlxalq yardım proqramlarından faydalanan ölkələrin sayı artıq 40-ı ötmüşdür və yaxın gələcəkdə bu proqramların şaxələndirilməsi, eləcə də faydalanan ölkələrin sayının artırılması nəzərdə tutulmuşdur.

Ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA ölkəmizin xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ