OECD ilə əməkdaşlıq

2015-ci ildən bəri AİDA tərəfindən aparılan məqsədyönlü iş sayəsində 2017-ci ildə Azərbaycan inkişafa yardım sahəsində dünyada ən nüfuzlu və prestijli beynəlxalq qurumlardan biri sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusu əldə etmişdir.

OECD - 1961-ci ildə fəaliyyətə başlamış, yüksək iqtisadi göstəricilərə malik 35 üzvü öz ətrafında birləşdirən dövlətlərarası təşkilatdır. Katibliyi Parisdə yerləşən təşkilatın əsas məqsədi dünya üzrə əhalinin rifah halının və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən sosial-iqtisadi siyasətlərin və proqramların təbliğ edilməsidir. Bu təşkilat dövlətlərin qarşılıqlı müzakirələr əsasında öz təcrübəsini bölüşə biləcəyi, həmçinin ortaq problemlər üçün həll yollarını aşkar edəcəyi forum rolunu oynayır.

İnkişafa Yardım Komitəsi (DAC) isə inkişafa dəstək sahəsində başlıca donor dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması məqsədilə yaradılmış forumdur. OECD DAC öz ətrafında donor dövlətlərini birləşdirən ən nüfuzlu beynəlxalq qurumdur. Komitənin üzvləri sırasında 29 donor dövlət təmsil olunur, həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin İnkişaf Proqramı onun fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Hazırda 14 dövlət qonaq statusunda Komitə ilə əməkdaşlıq edir.

Ümumilikdə donor ölkələrini bir araya gətirən OECD DAC-da Azərbaycanın qonaq statusunda iştirakı həyata keçirdiyi donor fəaliyyətinin səmərəliliyinin artırılmasına, onun beynəlxalq aləmdə daha geniş şəkildə işıqlandırılmasına və yeni tərəfdaşlar əldə edilməsinə xidmət edir.

AİDA tərəfindən təşkilata Azərbaycanın inkişaf etməkdə olan ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi İnkişafa Rəsmi Yardımları (ODA) əks etdirən hesabatlar hazırlanaraq təqdim olunur.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ