XƏBƏRLƏR->Press relizlər

AİDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir


Cari ilin 14-15 dekabr tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevin başçılıq etdiyi nümayəndə heyəti İslam İnkişaf Bankı tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş “İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi” tədbirində iştirak etmişdir.

Sözügedən tədbirin keçirilməsinin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin inkişafa yardım agentlikləri arasında informasiya mübadiləsinin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin təşviq edilməsidir. Tədbir zamanı AİDA-nın fəaliyyəti haqqında tədbir iştirakçıları üçün geniş təqdimat keçirilmişdir.

Görüş çərçivəsində AİDA Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev və İslam İnkişaf Bankının prezidenti Bandar Haccar Cənub-Cənub Əməkdaşlığı və Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolunu imzalamışdır. Sənəddə tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AİDA İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının həyata keçirilməsi çərçivəsində əməkdaşlığı davam etdirir. Kampaniyanın 2009-2016-cı illəri əhatə edən birinci mərhələsi çərçivəsində 8 Afrika ölkəsində görmə qabiliyyətini tam və ya qismən itirmiş 56000-dən çox insan ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur.