XƏBƏRLƏR->Press relizlər

AİDA rəhbəri “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak etmişdir


Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 2017-ci ilin 28-29 aprel tarixlərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilmiş “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak etmişdir.

Tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkəmizdə aparılan işlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat vermişdir.

Bununla əlaqədar olaraq, Azərbaycan nümayəndəsi həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsal yönümlü ailə təsərrüfatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD”-ın fəaliyyəti haqqında danışmışdır. AİDA rəhbəri Azərbaycanın maraqlı olan Asiya və Sakit okean ölkələr ilə bu müsbət təcrübəsini bölüşməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.