XƏBƏRLƏR->Press relizlər

AİDA rəhbəri BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun növbəti görüşündə iştirak edib


Cari ilin 18-19 may tarixlərində  Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT Baş katibi tərəfindən üzv seçildiyi BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun Cenevrədə keçirilmiş növbəti görüşündə iştirak etmişdir.

BMT Baş Assambleyası tərəfindən 2016-cı ildə CERF-in illik büdcəsinin
1 milyard dollara çatdırılmasına dair qətnamə qəbul edilmişdir. Sözügedən görüşdə donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərindən ibarət olan Məşvərət Qrupunun üzvləri CERF-ə donor vəsaitlərinin daha effektiv şəkildə cəlb edilməsi məqsədi ilə donor ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, Fondun vəsaitlərinin istifadəsi məsələlərini müzakirə etmiş və onun səmərəliliyinin artırılmasına dair BMT Baş Katibinə təkliflər hazırlamışdır.

Görüşdə BMT Baş Katibinin təmsilçisi qismində Baş Katibin yeni təyin olunmuş Humanitar məsələlər üzrə köməkçi və Fövqəladə Hallar üzrə Əlaqələndiricinin müavini Almaniya vətəndaşı Ursula Müller də iştirak etmişdir.

Qeyd edək ki, cari ayda BMT Baş Katibi Antonio Quterreş tərəfindən Britaniya vətəndaşı Mark Loukok Baş Katibin Humanitar məsələlər üzrə müavini və Fövqəladə Hallar üzrə Əlaqələndirici vəzifəsinə təyin edilmişdir. CERF öz fəaliyyətini Fövqəladə Hallar üzrə Əlaqələndiricinin rəhbərliyi altında həyata keçirir.