XƏBƏRLƏR->Press relizlər

Astanada keçirilən beynəlxalq forumda AİDA-nın fəaliyyəti maraqla qarşılanmışdır


Qazaxıstan hökumətinin İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC) və BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi ilə birgə 15 iyun 2017-ci il tarixində Astanada təşkil etdiyi “İkinci Regional Şəbəkələşmə Forumu”nda XİN-nin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşı Etibar Kərimov iştirak etmişdir.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan nümayəndəsi Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Agentliyin həyata keçirdiyi qlobal və regional proqram və layihələrdən, eləcə də son dövrlər ölkəmizdə İKT, neft sənayesi, ASAN xidmət və digər sahələrdə əldə etdiyi nailiyyətlərindən bəhs etmişdir. Təqdimatı maraqla qarşılayan dövlət və beynəlxalq təşkilatların nümayəndələri Cənub-Cənub Əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən inkişaf agentlikləri, o cümlədən milli donor institutumuz olan AİDA ilə əməkdaşlıq əlqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

Qeyd etmək istərdik ki, Forumun təşkilində əsas məqsəd “2030-cu ilədək beynəlxalq inkişaf Gündəliyi”nin həyata keçirilməsində Cənub-Cənub Əməkdaşlığının rolunun müzakirəsi, qarşıda duran məsələlər ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Tədbirdə müxtəlif ölkələrin dövlət və hökümət qurumları, beynəlxalq inkişaf agentlikləri, aparıcı beynəlxalq təşkilatlar, eləcə də elmi dairələrin, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.