XƏBƏRLƏR->AIDA Mediada

Azərbaycan Prezidentinin tapşırığına əsasən Rohingya müsəlmanlarına humanitar yardım göndərilib


Link: https://azertag.az/xeber/

Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından humanitar yardım göndərib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də FHN-in ayırdığı humanitar yardım “SilkWay” aviaşirkətinə məxsus təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yola salınıb.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir. Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınan humanitar yardımın kütləsi 100 tondur. Humanitar yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir.