Qadın simalı xarici siyasət
“Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya dahi alimlər bəxş edir. Azərbaycan qadını dünyaya incəsənət, siyasət, dövlət xadimlərini bəxş edir. Bütün bunlar Azərbaycan qadının xidmətləridir”
Heydər Əliyev
Azərbaycan ümumbəşər mədəniyyətin və sivilizasiyanın minillik kəsişməsində var olan odlar diyarıdır. Onun bu gün ki siması tarixin əsəridir. Bu gün paytaxt Bakı bütün dünyada mədəniyyətlərarası və dinlərarası mövzularda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, multikulturalizm və tolerantlığı simgəliyən aparıcı beynəlxalq mərkəzlərdən biri kimi qəbul edilir. Və bu qətiyyən təsadüf deyil. Azərbaycan xalqının həyat tərzi qeyd olunan dəyərlərin təsiri altında formalaşaraq daima azadlıq və humanistlik kimi keyfiyyətlərlə fərqlənib.
Bu məqamda qeyd etmək vacibdir ki, Azərbaycan qadınının ailə ocağının keşiyində duran qayğıkeş xanım siması ilə yanaşı ictimai həyatdakı ənənəvi və tarixi fəal iştirakı tamamı ilə təbiidir. Əsrlər boyu bir çox dahi Azərbaycan qadını adını dövlətçiliyimizin sarsılmaz tarixinə əbədiyyən həkk etdirib. Tomrisin epik surəti, XII əsrin şairəsi Məhsəti Gəncəvinin əsilzadə siması, XIX əsrdə yaradıcılıqları ilə fərqlənən Xurşidbanu Natəvan və Fatma xanım Kaminə xalqımızın mədəni irsinin vacib nümayəndələridirlər. Bir tək Azərbaycan qadınının milli ənənəvi baş örtüsü və YUNESKO-nun qeyri maddi-mədəni irsi siyahısına daxil edilmiş kəlağayıya baxdıqda aydın olur ki, Azərbaycan qadını laqeyd, cəmiyyətdən kənar və qapanıq həyat tərzi sürməyib, sözün əsil mənasında azad və firavan yaşayıb.
Tariximizdə Ağ qoyunlu sülaləsinin hökmdarı Uzun Həsənin anası Sara xatun vacib yer tutur. XV əsrdə Sara xatun Ağ qoyunlu sülaləsi ilə Osmanlı xanədanı II Mehmed arasında sülh sazişinin imzalanmasına nail olub və bununla tarixə bütün Müsəlman Şərqində yüksək rütbəli (Xarici işlər naziri vəzifəsi analoqunda) qadın diplomat kimi həkk olunub.
Geniş tarixi sərvətə malik xalqımız 1918-ci ildə müstəqilliyini elan edərək gender bərabərliyini qanunvericiliyə daxil edib. Avropanın aparıcı ölkələri və ABŞ-dan əvvəl qadınlarımız üçün səsvermə hüququ dövlət səviyyəsində tanınıb. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası yalnız 23 ay ömür sürüb. Fəqət müstəqil dövlətimiz bütün xalqının, o cümlədən dahi qadınlarının timsalında məhz özünə xas dəyərlər üzərində həyat və gələcəyini qurmaq istəyini bütün dünyaya bəyan edib.
SSRİ daxilində olan dövrdə də Azərbaycan beynəlxalq əlaqələrin qorunması və milli diplomatiyanın inkişaf etdirilməsi, peşəkar mütəxəssislərin yetişdirilməsi kimi məsələlərə diqqət yetirib. Maraqlıdır ki bu proses 1959-1983-cü illərdə Xarici İşlər Naziri vəzifəsində Tahirə Tahirovanın işlədiyi müddətdə xüsusi ilə fəal davam edib.
1968-ci ilədək Tahirə xanım həmin dövrün təcrübəsinə dayanaraq Nazir vəzifəsini digər mühüm vəzifələrlə yanaşı icra edib. Daha sonra T.Tahirova mərkəz Moskvadan məhz diplomatik fəaliyyətlə məşğul olmağı barədə razılıq əldə edib və Sovet Azərbaycanında dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi altında xarici işlər naziri vəzifəsində öz uğurlu fəaliyyətini davam etdirib. 1970-ci il Azərbaycanın beynəlxalq əlaqələrini genişlətmək baxımından xeyli uğurlu hesab edilir. Sovet İttifaqı çərçivəsində olsa belə həmin illərdə Bakı bir sıra mühüm beynəlxalq səviyyəli forumların keçirildiyi mərkəzə çevrilib. Həmin dövrdə Azərbaycan beynəlxalq yubileylər gündəliyinə dahi həmvətənlərini daxil etməyə nail olub. Məsələn görkəmli şair-humanist Nəsiminin 600 illiyi təntənəli surətdə qeyd olunub. Qadın nazirimiz Tahirə Tahirova həmçinin BMT Baş Assambleyasının işində üç dəfə iştirak edib, 1975-ci ildə o təşkilatın sosial, humanitar və mədəni məsələlər üzrə Üçüncü Komitəsinin işinə rəhbərlik edib. Demək olar ki, ölkənin beynəlxalq arenada Tahirə xanım timsalında təmsil olunması Azərbaycanın gələcəkdə müstəqil xarici siyasətinin tanınması üçün zəmin yaradıb.
“Qadın simalı diplomatiya” ənənəsi xarici siyasət aparatına 1983-1987-ci illərdə rəhbərlik edən digər xanım Elmira Qafarova tərəfindən də davam etdirilib.
Beynəlxalq cəmiyyətin müstəqil üzvü olan Azərbaycan Respublikası dövlətçiliyin formalaşması və möhkəmlənməsi ilə əlaqədar ən çətin tapşırıqları ardıcıl olaraq həll edib. Müstəqil Azərbaycanın banisi olan Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müasir Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən bu gündə müvəffəqiyyətlə davam etdirilir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atır. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə mühüm sahələrdə qadın potensialından da geniş istifadə olunur.
Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi dövrdə xaricdə hələ ki az sayda fəaliyyət göstərən diplomatik missiyalarının ikisinə rəhbərliyi qadınlara həvalə edib. Fransada Elionora Hüseynovaya və Cenevrədəki daimi nümayəndəliyimiz Sima Eyvazovaya, irəlidəki illərdə isə Litvada da bu məsuliyyətli vəzifə qadın səfir Naira Şaxtaxtinskayaya tapşırılmışdır. Qadınlar həmçinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatına cəlb olunublar və bu gün Azərbaycan diplomatik xidmət orqanında xanım diplomatların sayı 33 faiz təşkil edir. Bunlar sırasında ölkəmizin Bolqarıstandakı Səfiri Nərgiz Qurbanovanı, İsveçrədəki Səfirimiz Xanım İbrahimovanı, Beynəlxalq Türk mədəniyyəti və irsi Fondunun prezidenti Günay Əfəndiyevanı qeyd etmək olar. Qadınlar həmçinin nazirlik nəzdində idarə rəisi, müşavir, şöbə müdiri və s. kimi məsuliyyətli vəzifələrdə çalışırlar.
Azərbaycan diplomatiyası ölkənin çoxşaxəli inkişafını təmin edən, regionda və bütövlüklə dünyada mövqeyinin möhkəmlənməsi uğrunda çalışan mühüm xidmətdir. Sevindirici haldır ki, bu gün Azərbaycan diplomatiyası dünyada həmdə qadınların simasında təmsil olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti qadın simalı diplomatiya təfəkkürünün ən parlaq və bariz nümayəndəsidir. Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin genişlənməsində, inkişafında və gücləndirilməsində Azərbaycanın birinci xanımının xüsusi əməyi danılmazdır.
Azərbaycan milli musiqisinin, ədəbiyyatının və poeziyasının inkişafı və təbliği istiqamətindəki fəaliyyətinə, mədəniyyətlərarası mübadilə sahəsində gördüyü işlərə görə Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri şərəfli rütbəsinə layiq görülüb. Nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri vəzifəsindəki 15 illik fəaliyyəti zərfində o, YUNESKO ideyalarına sadiq olaraq Azərbaycanın şifahi xalq ədəbiyyatının, musiqi incilərinin qorunmasına, mədəni mübadilənin həyata keçirilməsinə böyük əmək sərf edib. Öz fəaliyyəti ilə ölkə diplomatiyasının inkişafına xidmət edən Mehriban Əliyeva, Azərbaycanın nüfuzunu gücləndirib və beynəlxalq aləmdə yeni dostlar əldə etməyə nail olub. Mehriban Əliyeva malik olduğu təbii istedadları və şəxsi keyfiyyətləri ilə beynəlxalq əməkdaşlığa yenilik gətirərək siyasəti mərhəmət, dözümlülük, rəhm və yardımsevərlik kimi humanist keyfiyyətlərlə zənginləşdirib.
Xeyirxahlıq fəaliyyəti, bəşəriyyətin mədəni irsinin qorunmasına yönəlmiş əhəmiyyətli layihələrdə, xalqlar və dövlətlər arasında mənəvi əlaqələrin qurulmasında iştirak edən Mehriban xanım beynəlxalq aləmdə müdrik ictimai və dövlət xadimi nüfuzunu qazanıb. Bu məqamda uzun illər YUNESKO-nun baş katibi vəzifəsində çalışmış İrina Bokovanın Mehriban xanımla bağlı sözlərini yada salmaq vacibdir:
“YUNESKO irsi üçün Sizi xoşməramlı səfirlər sırasında görmək şərəfdir. Siz YUNESKO humanitar dəyərlərinin əsil bayraqdarısınız” Mehriban Əliyevanın misilsiz fəaliyyəti dünyanın bir çox ölkəsində yüksək qiymətləndirilir. Məgər əsil diplomat üçün başlıca məqsədlərdən biri öz ölkəsi üçün yeni dostlar qazanmaq deyil mi? Mehriban xanım Əliyevanın himayəsi altında Azərbaycanda Birinci Avropa Oyunları və IV İslam Həmrəylik Oyunları kimi genişmiqyaslı beynəlxalq tədbirlər müvəffəqiyyətlə keçirilib, “Avroviziya” mahnı müsabiqəsi təşkil edilib. Nəticədə Azərbaycan Avropanın mədəni mərkəzləri ilə sıx əlaqələr qurmağa müvəffəq olub.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birini ümumbəşər tarixi və mədəni abidələrin qorunması və bərpası təşkil edir. Bu sahədə Azərbaycan Fransa, İtaliya, Almaniya və Rusiya kimi dövlətlərdə tarixi abidələrin restavrasiyasında iştirak edir. Əlbəttə Mehriban xanımın məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində və bölgələrindəki tarixi əhəmiyyət kəsb edən məşhur məbədlərdə də bərpa işləri aparılıb və həmin tarixi abidələr xalqımız və bu gün Azərbaycana gələn çoxsaylı turistlər üçün açıqdır. Beynəlxalq layihələrdə iştiraka gəldikdə isə ümumiyyətlə Avropa ölkələrinin paytaxtlarında mədəni irs abidələrinin bərpa edilməsində Azərbaycanın iştirakı ölkəmiz üçün yerli incəsənət və mədəniyyət xadimlərinin, Avropa cəmiyyətinin öndə gələn simalarının etibarını qazanmaq üçün güclü zəmin yaradıb. Bu vasitə ilə onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində xalqımıza və tariximizə aid mədəni irs abidələrinin dağıdıldığı və məhv edildiyi barədə həqiqətləri öz ictimaiyyətlərinə çatdırırlar.
Beynəlxalq səviyyəli humanitar yardım layihələrində fəal iştirak edən Mehriban Əliyeva dünya ictimaiyyətinə azərbaycanlılara xas olan mərhəmət və qayğıkeşlik kimi genetik xüsusiyyətləri nümayiş etdirib. Birinci xanım xalqımızın humanistlik ənənələrinin daşıyıcısı olaraq bu ənənəvi keyfiyyətlərinə hər vəziyyətdə, hətta Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasına baxmayaraq daima sadiq qaldığını dünya ictimaiyyətinə sübut edib.
Bu əməyin mahiyyəti qiymətsizdir. Qədim ənənələr xalqın - məişəti, onun tətbiqi sənəti, həyat tərzi və istedadının digər sübutları yalnız əsrlərdə qalmış, muzeylərdə saxlanılan və ya tarixşünasların elmi işlərində əks olunan məlumatlarla məhdudlaşmır. Xalqın tarixi və zəngin mədəni irsi gələcək nəsilləri yaradıcılıqla məşğul olmağa, insanlara gözəlliyi bəxş etməyə sövq edir. Kökü min illər öncə salınsa da mədəni irsimizin inciləri günümüzdə qayğı ilə qorunur və müasir həyatımızı öz gözəllikləri ilə zənginləşdirir.
Azərbaycan maddi və qeyri maddi mədəni irsin mühafizəsinə daima diqqət yetirir, multikulturalizm dəyərlərinin təbliği və yayılması istiqamətində mühüm iş aparır, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla humanitar əməkdaşlığın qurulması məqsədi ilə danışıqları dəstəkləyir, xalqlar arası dostluq körpülərinin salınmasına böyük dəstək göstərir. Dövlət səviyyəsində multikulturalizm siyasətini həyata keçirən ölkəmiz son on il ərzində əhəmiyyət kəsb edən forumların keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Demək olar ki, paytaxt Bakı dünyada şərlə mübarizə aparan, konfrontasiya, münaqişələr və müharibə təhlükələrinə qarşı duran, proqressiv düşüncəli insanlarının görüş mərkəzinə çevrilib. Dünyanın bir çox görkəmli xadimi üçün Bakı humanitar məsələlərin həlli istiqamətində danışıqların aparıla biləcəyi beynəlxalq qərargahdır.
Bu gün Birinci vitse-prezident vəzifəsində olan Mehriban xanım ölkə qarşısında duran bu və bir çox digər vacib məsələləri həll edir, qadın siyasi xadim, beynəlxalq səviyyəli peşəkar diplomat adını öz timsalında daha da ucaldır. Mehriban xanım Prezident İlham Əliyevin xarici siyasət kursunun uğurla yerinə yetirilməsinə, Azərbaycanın və xalqımızın rifahı naminə misilsiz xidmət göstərir.
Mehriban xanımın çoxşaxəli fəaliyyəti timsalında Azərbaycanda və xaricdə yaşayan bizlər diplomatiya və incəsənətin öz işinin peşəkarı tərəfindən həyata keçirildikdə hansı zirvələri fəth etməyə qadir olduğunun şahidi oluruq. Həqiqətən də qadın diplomatlar Azərbaycan xalqının özəyini təşkil edirlər.
Dr. Gülnarə Ağalarova
Link: https://1news.az/