02/07/2019

Azərbaycanın mədəni diplomatiyası: Milli mənafelərin xidmətində

Təsnifatı və tətbiqində beynəlxalq təcrübə

Mədəni diplomatiya dövlətlər və xalqlar arasında müxtəlif mədəniyyətlərin mübadiləsini, qarşılıqlı dözümlülük üzərindən dostluq körpülərinin salınması və mehriban qonşuluq əlaqələrinin qurulmasına geniş imkanlar yaradan xarici siyasət vasitəsidir. Mədəni diplomatiya müasir beynəlxalq münasibətlərdə hər dövlət üçün siyasi strategiyanın effektiv və təsirli alətidir.

“Mədəni diplomatiya” termini ilk dəfə ötən əsrin 30-cu illərində amerikalı tədqiqatçı Frederik Barqxorom tərəfindən dövrəyə salınıb. Onun təsnifatına görə bu diplomatiya növü “mədəni irsdən və kadrlardan təbliğat məqsədlərində istifadə etmək” mənasını daşıyır və həmin dövrün dövlətlərinin həyata keçirdiyi siyasətin gizli ideologiyasını əks etdirir. İrəlidəki zamanda bir çox Avropa ölkəsi mədəni diplomatiyanı fəal şəkildə tətbiq etməyə başlayır və bu termin ölkələr arasında qarşılıqlı etimadın qurulması üçün mədəni əlaqələrdən geniş istifadəni nəzərdə tutur.

1967-ci ildə YUNESKO-nun Monakoda keçirdiyi dəyirmi masa zamanı “Mədəniyyət sahəsində siyasət – ilkin mülahizələr» mövzulu məruzədə ilk dəfə “mədəni siyasət” termini səsləndirilir. Bu terminə “Mədəniyyət siyasəti dövlətin mədəniyyət sahəsində fəaliyyətinin əsasını təşkil edən administrativ və maliyyə məqsədli hərəkətlər kompleksidir” açıqlaması verilir.

Mədəni diplomatiya dövlətlər və xalqlar arasında incəsənət və mədəniyyət nümunələrinin, bu sahədə məlumat və fikir mübadiləsinin aparılmasını nəzərdə tutan “yumşaq qüvvə” siyasətinin tərkib hissəsini təşkil edir. Mədəni diplomatiya beynəlxalq əlaqələrin möhkəmlənməsi, milli maraqların müdafiəsi, təhlükəsizliyin təmin edilməsi kimi amillərə xidmət edir. Bu vasitə başqa xalqların milli-mənəvi dəyərlərini daha dərindən anlamaq yolu ilə qarşılıqlı etimadın qurulmasına zəmin yaradır. Mədəni diplomatiyanın sərəncamında olan zəngin irsdən – incəsənətdən, təhsil proqramlarından, müxtəlif elmi nailiyyət və təcrübə mübadiləsi kimi vasitələrdən istifadə edərək ölkə və xalq barədə xarici ölkənin cəmiyyətdə müsbət fikrin formalaşmasına xidmət edir.

Mədəni diplomatinın ehtiyatında milli mədəniyyətin təbliğatı üçün müxtəlif çoxsaylı vasitələr mövcuddur. Bu fəaliyyət növü ictimai diplomatiya ilə də müqayisə oluna bilər. İctimai diplomatiya termini ilk dəfə 1990-cı ildə amerikalı siyasətşünas Jozef Nayanın məqaləsində səsləndirilib. Bu təsnifatda o, ictimai diplomatiyanı dövlətin “yumşaq qüvvəsini”nin əsasları barədə məlumat yayan vasitə kimi qeyd edib. Dövlətlər barədə müsbət təsvir yaradan “yumşaq güvvə”nin tətbiqi vasitəsi kimi qeyri hökumət təşkilatları və fondların fəaliyyətinə diqqət yetirilir.

Müasir qloballaşma dövründə dünyanın müxtəlif nöqtələrində baş verən münaqişə və lokal müharibələr bəşəriyyəti növbəti qlobal faciənin başlanması təhlükəsi ilə üzləşdirir. Bu çətin və qalmaqallı dövrdə mədəni diplomatiya xarici siyasətin insan beyinlərinə və qəlblərinə təsir göstərməyə qadir ən effektiv yoldur. Şübhəsiz ki, mədəni diplomatiya xaricində ölkənin mədəni irsinin, vacib nailiyyətlərinin dünyada təbliğatı xeyli çətindir. Bu siyasi istiqamət ölkələr haqqında müsbət fikrin formalaşması üçün nəhəng potensiala malikdir. Müəyyən vasitələrin düzgün və səmərəli istifadəsi həmin sahə üzrə çalışan peşəkarlardan da asılıdır. Qeyd olunan səbəblərdən irəli gələrək, dövlətlərin siyasətdə yeni ahəng qazanmış mədəniyyət faktoruna xüsusi diqqət yetirməsi təbiidir.

Tarixən diplomatik meyar və qaydaların təsisçisi Fransa hesab olunur. Bu dövlətin diplomatları hələ XIX əsrdən başlayaraq Fransanın milli-mədəni dəyərlərinin ölkə hüdudlarından kənarda təbliğinə böyük əhəmiyyət və diqqət yetiriblər. Bu Avropa mərkəzinin mədəni diplomatiyası uğurlu inkişaf yolunda bir neçə vacib mərhələdən keçib. Hal-hazırda bu ölkə KİV, müasir texnologiyaların inkişafı dövründə qloballaşmanın tələblərinə uyğun olaraq mədəni diplomatiyanın tətbiqi istiqamətində dəqiq siyasi kursa malikdir. Uzun illər ərzində bu siyasəti həyata keçirən təsirli vasitələrdən biri kimi 1883-cü ildə təsis edilmiş “L'Alliance française” (Fransız Alyansı) təşkilatını qeyd etmək olar. Bu təşkilat öz uğurlu fəaliyyətini dünyanın 146 ölkəsindəki nümayəndəliykləri vasitəsi ilə davam etdirir. Həmin nümayəndəliklər öz işini Fransa Səfirliyi ilə əlaqəli şəkildə həyata keçirirlər.

Mədəni diplomatiyanın tətbiqində Azərbaycan üslubu

Müstəqilliyinə nisbətən yeni qovuşmuş Azərbaycan dövləti mədəniyyət sahəsində həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində qısa müddətdə zərfində beynəlxalq aləmlə zəngin potensiala və yüksək mədəniyyətə malik ölkə kimi nüfuz qazana bilmişdir. Ümumdünya mədəniyyət diplomatiyası cərəyanına fəal şəkildə qoşularaq, ölkəmiz özünü mədəni mübadiləyə, xalqların mənəvi yaxınlığına açıq, ümumbəşər mədəni irsin zənginləşdirilməsinə və qorunmasına qadir dövlət kimi tanıtmış, bu istiqamətdə uğurlar əldə etmişdir.

Milli-mədəni dəyərlərin dünyada təbliğ edilməsi, mədəni və humanitar əlaqələrin genişlənməsi Azərbaycanın xarici siyasət kursu üçün öncəlik təşkil edir.

Azərbaycan Respublikasının mədəni diplomatiyasının uğurları Birinci vitse-prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində ən parlaq şəkildə təcəssüm olunur. Azərbaycanın zəngin mədəni irsinin təbliğ edilməsi məqsədi ilə 2004-cü ildə Mehriban xanımın rəhbərliyi altında təsis edilmiş Heydər Əliyev Fondu artıq uzun illərdir ki öz fəaliyyətini uğurla həyata keçirir. Ötən illər ərzində Fondun xətti ilə böyük zəhmət və əmək tələb edən bir çox möhtəşəm layihə həyata keçirilmişdir.

2005-ci ildə YUNESKO-nun mənzilgərargəhında xoşməramlı səfirlərin müşavirəsində “Qarabağ xanəndələri” albomunun təqdimat mərasimi keçirilmışdir. Öz çıxışında bu layihənin əsas məqsədlərindən danışan Mehriban xanım bildirmişdir ki, layihə Qarabağ torpağının ağrısını, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədini daşıyır. Eyni ildə Heydər Əliyev Fondu tərəfindən daha 5 nəşr “Qarabağ həqiqətləri”: “Qarabağ tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Erməni şiddətinin Azərbaycana qarşı fəsadları”. 2017-ci ildə isə Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: tuş altında mədəni irsdir” (War against Azerbaijan: Targeting Cultural Heritage) adlı sənədli film və albomdan ibarət elmi-tədqiqat layihəsini hazırlamışdır.

Xüsusi ilə qeyd etmək vacibdir ki, Azərbaycanın tarixi bölgəsi olan və xalqımızın mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərən Qarabağın zəngin mədəni irsinin təbliğ edilməsi istiqamətindəki aparılan məqsədyönlü iş öz müsbət bəhrəsini verib. Bu vasitə ilə biz dünya ictimaiyyətinin diqqətini Qarabağ ərazisində yerləşən tarixi və antik dövrə aid arxeologiya abidələrinin, Qafqaz Albaniyası, İslam memarlığı və təbii sərvətlərin işğal tapdağı altında qaldığına, tarixin saxtalaşdırılması məqsədi ilə abidələrimizin xarici görünüşünün süni şəkildə dəyişdirildiyinə və mədəni irsin məhv olmaq təhlükəsi ilə üzləşdiyinə diqqət yetirməyə nail olmuşuq. Bu istiqamətdə aparılan iş sayəsində biz nəinki Ermənistanın şiddətinə bəraət qazanmaq cəhdlərinin qarşısını almağa və “tarixi” yalanları təkzib etməyə nail olduq, o cümlədən Qarabağın mədəni irsinin qorunması məsələsini Suriya Palmirasının və Mesopotamiya abidələrinin mühafizəsi kimi qlobal layihələrlə bir sıraya qoymağa nail olduğ.

İnformasiya məkanının genişləndiyi dövrdə ölkəmizin dünyanın mədəni xəritəsinə həkk olunması və Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyət arasında yayılması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu məkanda biz nəinki müxtəlif çağırışları və tələbləri layiqincə cavablandırmağa qadirik, biz həmçinin ölkə inkişafı və nailiyyətləri barədə məlumatları müasir dövrün tələblərinə uyğun şəkildə dünyaya yayırıq.

Uğurla həyata keçirilən mədəni siyasət nəticəsində 2008-ci ildə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri maddi-mədəni irsi elan etmişdir. İrəlidəki on il ərzində YUNESKO-nun şifahi və qeyri maddi-mədəni irsi Azərbaycana məxsus daha 12 elementlə zənginləşib:

• “Azərbaycan Aşıq Sənəti”
• “Novruz”
• “Ənənəvi Azərbaycanın Xalçaçılıq Sənəti”
• “Tar və Onun İfaçılıq Sənəti”
• “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu ”
• “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”
• “Lahıcın Misgərlik Sənəti”
• “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka”
• “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması sənəti”
• “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”
• “Dədə Qorqud irsi”
• “Yallı, (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”.

Son on il ərzində Azərbaycan beynəlxalq mədəni festival və humanitar forumların təşkil edildiyi parlaq məkana çevrilib. 2009-cu ildən etibarən ənənəvi olaraq Qəbələdə Avropa musiqisi, jazz və milli muğamın ahəngini birləşdirən musiqi festivalları keçirilir. Eyni ildə Beynəlxalq Muğam Festivalı təsis edilmiş, bu festival muğam ifaçılarının və şərq üslublu musiqi ifaçılarının Azərbaycanda bir səhnədə çıxış etmələrinə imkan yaradıb. İki ildə bir dəfə təşkil olunan bu bənzərsiz beynəlxalq miqyaslı tədbir “Muğam dünyası” başlıqlı elmi simpoziumla davam edir. Musiqi festivalının elmlə vəhdəti dünya mədəniyyət xəzinəsinin tərkib hissəsini təşkil edən şərq musiqi ənənələrinin nəzəriyyəsini öyrənməyə imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakı prosesi başlanmışdır. Bu əhəmiyyətli layihə çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada aktual olan humanitar məsələlərin həlli və əməkdaşlığın inkişafı üçün labüd beynəlxalq platformaya çevrilib. Forumun ana xətti bəşəri tərəqqi, tolerantlıq, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun qurulması, dözümlülük kimi məqsədləri özündə daşıyır.

Azərbaycan ölkə daxilində nüfuzlu beynəlxalq mədəni-humanitar tədbirlərin keçirilməsi ilə yanaşı, öz milli-mədəni dəyərlərini ölkə hüdudlarından kənarda da təqdim etmək siyasətini həyata keçirir. Bu məqsədlə Azərbaycan xaricdə, dünyanın irimiqyaslı paytaxtlarında “Odlar yurdu”nu təbliğ edəcək mədəniyyət mərkəzləri və Azərbaycan evləri açır.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Arzu xanım Əliyevanın rəhbərliyi altında çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi və Qurban Səidin eyni adlı əsəri əsasında çəkilmiş “Əli və Nino” bədii filmi müsəlman şərqində ilk müstəqil dövlət olan Azərbaycan Demokratik Respublikasının quruluş dövrünü əhatə edir. Premyeraları baş tutulmuş və dünyanın bir çox ölkəsində nümayiş etdirilmiş bu filmlər beynəlxalq ictimaiyyətə Azərbaycan Demokratik Respublikası barədə tam ətraflı məlumatların çatdırılması üçün təsirli vasitədir.

Yuxarıda qeyd olunan tədbirlər Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliğatı sahəsində həyata keçirilmiş möhtəşəm layihələrdən sadəcə bir neçəsidir.

Bu şərəfli işdə Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətlərini qeyd etmək vacibdir. Humanitar əməkdaşlığa dəstək Leyla xanımın İslam Əməkdaşlıq Təşkilatının Mədəni dialoq üzrə Gənclər Forumunun, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı AMOR-un Baş koordinatoru və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının xoşməramlı səfiri qismindəki fəaliyyətinin tərkib hissəsini təşkil edir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda müasir incəsənətin inkişafını dəstəkləyən və təbliğ edən bır sıra maraqlı və rəngarəng layihə həyata keçirilib. Bu layihələr sırasında dünya meqapolisləri sayılan London və Moskva kimi böyük şəhərlərdə əks-səda yaratmış və maraqla qarşılanmış “Fly to Baku” sərgisini, rus və ingilis dillərində dərc olunan “Bakı” jurnalını və mədəniyyətlərarası dialoq üçün vacib olan bir çox digər incəsənət layihələrini qeyd etmək olar.

Bu ilkin təbliğat vasitələri olan layihələr sayəsində incəsənətsevərlər, gənclər və beynəlxalq cəmiyyətin sıravi nümayəndələri “Azərbaycana açılan pencərə” vasitəsi ilə xalqımızın qədim ənənələri və Odlar yurdunun bu gün ki nailiyyətləri ilə tanış olmaq imkanını qazanırlar. Bu layihələrə göstərilən maraq nəticəsində xarici ölkə vətəndaşları Azərbaycana turist qismində səfər edirlər və öz ölkələrinə Azərbaycan barədə müsbət təəssürat və xoş xatirələrlə geri dönürlər. Məgər bütün bu zəhmətli iş, uğurlu mədəni diplomatiyanın həyata keçirildiyinin bariz sübutu deyilmi?!

Məlumdur ki, beynəlxalq aləmdə etimad və rəğbətin qazanılması diplomatiya sənətinin əsas məqsədlərindəndir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün dostluq əlaqələrinin qurulmasında mədəniyyət və incəsənətin yaratdığı geniş imkanlardan istifadə etmək ən düzgün yoldur. Azərbaycan qısa müddət ərzində qlobal mədəni-informasiya məkanında özünəməxsus imici yarada bilib. Ölkənin birinci şəxsləri timsalında layiqincə və yüksək səviyyədə həyata keçirilən mədəni siyasət “yumşaq güc”ün mühüm tərkib hissəsinə çevrilib. Müasir dövrdə heç bir dövlət mədəni diplomatiya və “yumşaq güc” olmadan beynəlxalq aləmdə inkişaf və inteqrasiya edə bilməz.

Dr. Gülnarə Ağalarova

Link: https://1news.az/

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ