2018 - 2022

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası

AİDA İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) Proqramının 2018-ci ildə başlamış və növbəti 5 ildə keçiriləcək ikinci mərhələsində iştirak edir. Bu çərçivədə 12 Afrika ölkəsində katarakt əməliyyatlarının və göz müayinələrinin keçirilməsi, müayinə mərkəzlərinin yaradılması və yerli həkimlərin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

2018-ci ilin sentyabr-dekabr aylarında Burkina Faso, Çad, Mali, Mavritaniya, Niger və Toqoda görmə qabiliyyətini tam və ya qismən itirmiş 5867 nəfərə katarakt əməliyyatı edilmiş, 12 ölkədən 25 oftalmoloq üçün təlim proqramı keçirilmişdir.

2019-cu il ərzində AFAB kampaniyası Çad və Nigerdə bu ölkələrin milli görmə qabiliyyətinə nəzarət proqramlarının, habelə Tunisin Nadi AlBassar və Texniki Əməkdaşlıq Agentliyinin iştirakı ilə təşkil edilmişdir. Kampaniya nəticəsində 22800 insan oftalmoloji müayinədən keçmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 3276 nəfər isə katarakt əməliyyatı nəticəsində görmə qabiliyyətini bərpa etmişdir.

AİDA Proqrama 2012-ci ildən etibarən qoşulmuşdur. AFAB Proqramının 2009-2016-cı illəri əhatə edən birinci mərhələsində 11 Afrika ölkəsində ümumilikdə ödənişsiz olaraq 300 mindən artıq insan müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində görmə qabiliyyətini bərpa etmiş, 177 yerli həkimin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil olunmuşdur. Keçirilmiş göz əməliyyatlarında Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin həkimləri də iştirak etmişlər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ