XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi: Azərbaycan donor ölkəyə çevrilib - apa.az
Link: http://az.apa.az/news/
Bakı. Türbət Bağırova - APA. "2015-ci il AİDA üçün uğurlu olub. Bu il agentlik fəaliyyət proqramını genişləndirib".
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev bildirib.
O deyib ki, son dövrdə Azərbaycanın sürətlə inkişaf etməsi ölkəmizin regiondan kənarda investor kimi fəaliyyətinə geniş imkanlar yaradıb. Azərbaycanın donor ölkəyə çevrildiyini deyən Ə. Şıxəliyev bildirib ki, AİDA fəaliyyətini əsasən humanitar və texniki sahələr üzrə qurub.
Ə. Şıxəliyev qeyd edib ki, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində AİDA Afrikanın 8 ölkəsində katarakta ilə mübarizə kampaniyasında fəal iştirak edib və nəticədə 50 min insanın görmə qabiliyyəti bərpa edilib. O, Pakistanın "Əl Fərabi" tibb mərkəzinə reabilitasiya avadanlıqlarının hədiyyə edildiyini də diqqətə çatdırıb.
"Bu il İordaniya universitetində təhsil alan 400 əlil tələbəyə AİDA tərəfindən xüsusi kompüter otağı hədiyyə edilib. Azərbaycan Nepal və Qırğızıstana humanitar yardım göndərib. "Ebola" ilə mübarizəyə isə 1 milyon dollar vəsait ayrılıb", - deyə təşkilatın rəhbəri əlavə edib.
2015-ci ildə AİDA-nın BMT baş katibi tərəfindən Fövqəladə hallara cavab üzrə Məşvərət qrupuna təyin edildiyini deyən Ə. Şıxəliyev agentliyin gələcək planlarına toxunub: "İstərdik ki, əcnəbi tələbələrin Azərbaycanın ali təhsil ocaqlarında təhsil almaları üçün proqramı genişləndirək, ixtisasartırmanı davam etdirək. Elmi əməkdaşlığa da dəstək vermək niyyətindəyik. Azərbaycanın neft mütəxəssisləri ilə əcnəbi həmkarları arasında əməkdaşlığa dəstək verməyə, habelə BMT və digər beynəlxalq təşkilatlarla birgə layihələrə istedadlı Azərbaycan gənclərini cəlb etməyə çalışacağıq".