16/10/2016

Əşrəf Şıxəliyev: AIDA fəaliyyətini daha da genişləndirir

Link: http://azertag.az/xeber/

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu günlərdə yaranmasının beş illiyini qeyd edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "dəyirmi masa"lardan birini də AIDA təşkil etmişdi. Mövzunun məhz insan kapitalının qorunması ilə bağlı olmasının səbəbi nə idi?

-2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu humanitar sahənin bir çox problemlərinin müzakirə edildiyi nüfuzlu platformaya çevrilib. Forumda iştirak edən yüksək səviyyəli siyasi, elmi və ictimai xadimlərin, Nobel mükafatı laureatlarının günümüzün aktual məsələləri haqqında fikir bildirmələri, təkliflər irəli sürmələri, o cümlədən bir çox məsələlər üzrə Azərbaycanın təcrübəsi ilə tanış olaraq onu öz fəaliyyətlərində tətbiq etmələri bu tədbirin əhəmiyyətini daha da artırır. Bu il keçirilən Forum zamanı "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" adlı "dəyirmi masa" Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi tərəfindən birgə təşkil edilmişdi.

Forumun açılışında Prezident İlham Əliyevin bildirdiyi kimi, müasir günümüzdə dünyanın ayrı-ayrı bölgələrində davam edən münaqişələr, böhranlar insanların kütləvi şəkildə yerdəyişməsinə səbəb olub və bu, böyük narahatlıq doğurur. Həmin insanların təcili həllini gözləyən bir çox problemləri var. Bu ilin may ayında İstanbulda keçirilmiş və Azərbaycanın da ən yüksək səviyyədə təmsil olunduğu Dünya Humanitar Sammitində bu məsələ diqqət mərkəzində olub.

Məcburi şəkildə yerini dəyişmiş insanlar arasında, - buraya məcburi köçkünlər və qaçqınlar daxildir, - ən vacib məsələlərdən biri onların keyfiyyətli təhsilə çıxışlarının təmin edilməsi və onlar arasında insan kapitalının qorunub saxlanılmasıdır. Məlumdur ki, bir milyondan çox məcburi köçkünü və qaçqını olan Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Məhz bu səbəbdən də "dəyirmi masa"lardan birinin bu mövzuya həsr olunması vacib hesab edilib. Tədbir zamanı iştirakçılara bu sahədə Azərbaycanın təcrübəsi barədə ətraflı məlumat verilib və məsələyə dair film nümayiş etdirilib.

-İnsan kapitalının qorunmasının davamlı inkişafın təmin olunmasında əhəmiyyəti nədən ibarətdir?

-Məlum olduğu kimi, insan kapitalı iqtisadi inkişafın əsasını təşkil edir. Bu kapital həm məhsuldarlıq, həm də texnoloji üstünlük mənbəyidir. Faktiki olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərq insan kapitalının inkişaf səviyyəsindən irəli gəlir. Baxmayaraq ki, təbii ehtiyatların mövcudluğu ölkənin iqtisadi inkişafında vacib rol oynayır, həmin ehtiyatlardan uyğun şəkildə istifadə edilməsi üçün peşəkar mütəxəssislər və bacarıqlı insan resursları hazırlanmalı, eləcə də artıq malik olduğumuz insan kapitalı qorunub saxlanmalıdır. Bu vacib element olmadan davamlı inkişafa nail olmaq çox çətindir.

İnsan kapitalının qorunması və inkişaf etdirilməsi BMT-nin müəyyən etdiyi, sosial-iqtisadi inkişafın müxtəlif sahələrini əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrin təcrübəsi insan kapitalı ilə cəmiyyətin və dövlətin inkişafı arasında güclü əlaqə olduğunu sübut edir. Əhalinin yaşayış səviyyəsinin göstəriciləri olan səhiyyə standartları, təhsil səviyyəsi və texnologiya xalqın mədəni və iqtisadi inkişafına təbii olaraq təsir edir. Eyni zamanda, məhz öz əhalisinin bilik və bacarıqlarını inkişaf etdirən ölkə təbii ehtiyatlardan istifadə edə, sosial-iqtisadi və milli inkişafını irəli apara bilər.

Bu xüsusda, vacib addım kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını qeyd etmək lazımdır. Şura cari ilin sentyabrında Nyu-York şəhərində keçirilmiş Dayanıqlı İnkişaf Sammiti zamanı 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ölkəmiz tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsi məqsədilə yaradılıb. Bununla yanaşı, yeni donor ölkəsi olan Azərbaycan inkişaf etməkdə olan tərəfdaş ölkələrə də həmin məqsədlərə nail olunmasında köməyini əsirgəməyəcək və AIDA bu məqsədə çatmaqda öz töhfəsini verəcək.

-Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün problemlərini həll etməklə bərabər, artıq digər dövlətlərin qaçqın və məcburi köçkünlərinə də yardım əlini uzadır. Bu barədə geniş məlumat verməyinizi xahiş edirik.

-Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunub və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Buna baxmayaraq, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər vasitəsilə həmin insanlar yaşayış yerləri, sosial infrastruktur, təhsil və iş imkanları ilə təmin olunublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriyaya dəstək üçün 2016-cı ilin fevral ayında Londonda keçirilmiş konfransda qeyd etdiyi kimi, siyasi münaqişələr ilk növbədə sülh yolu ilə həll olunmalıdır. Bununla yanaşı, 20 ildən artıq müddətdir ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların problemləri ilə üz-üzə qalan Azərbaycan oxşar çətinlikləri yaşayan dövlətlərə yardım əlini uzatmağa və humanitar böhranların idarə edilməsi sahəsində ölkəmizin təcrübəsini onlarla bölüşməyə hazırdır.

Ölkə daxilində mövcud çətinlikləri aradan qaldırmaqla yanaşı, Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, AIDA tərəfindən Fələstinin Qəzza bölgəsinin əhalisinə, ölkəmizin İordaniyadakı səfirliyi ilə birgə İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insana və Afrika ölkələrində Ebola epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı göstərmək olar.

-"Dəyirmi masa" zamanı, həmçinin AIDA-nın yaranmasının 5 illiyi də qeyd edilib. AIDA-nın bu 5 ildə fəaliyyətini necə qiymətləndirirsiniz? Bu qurumun fəaliyyətinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

-Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq donor ölkəyə çevrilib və bu, ölkəmizin tarixində yeni dövrdür. 2011-ci ildən Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən AIDA da bu nəcib missiyanın həyata keçirilməsinə və ölkəmizin beynəlxalq humanitar siyasətinə töhfə verməklə bu prosesdə bilavasitə iştirak edir. Artıq 5 ildir ki, AIDA dünyanın inkişaf etməkdə olan ölkələrinə yardım göstərir. Bu, son illər ərzində aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadiyyatının nə qədər möhkəmləndiyinin bariz nümunəsidir.

Agentliyin fəaliyyət göstərdiyi 5 il ərzində Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsi AIDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalanıb. Bu yardımlara İslam İnkişaf Bankı ilə birlikdə Afrikanın 9 ölkəsində kataraktdan əziyyət çəkən insanlar üçün aparılan göz əməliyyatları, münaqişələr, eləcə də daşqın, quraqlıq və digər təbii fəlakətlərdən əziyyət çəkən ölkələrdə insanlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardımlar, Azərbaycanın qabaqcıl universitetlərində təhsil almaq istəyən xarici mütəxəssislər üçün müvafiq təlimlər, İordaniyada və Pakistanda fiziki qüsurlu tələbələrə yardım və s. misal göstərmək olar.

AIDA fəaliyyətdə olduğu müddətdə ölkəmiz yardım alan xarici dövlətlər və əməkdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərini genişləndirib və dünyada Azərbaycanın dostlarının sayı daha da artıb. Agentlik öz fəaliyyətini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Gələcək illərdə də AIDA-nın fəaliyyəti ölkəmizin xarici siyasətinin tərkib hissəsi kimi qarşıya qoyulan məqsədlərə nail olunmasına töhfə verəcək.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ