Suriyalı qaçqınlar
2011-ci ilin mart ayından etibarən Suriyada davam edən münaqişə nəticəsində minlərlə insan həlak olmuş, 5.2 milyon insan qaçqın düşmüş, 13.5 milyon insanın humanitar yardıma ehtiyacı yaranmışdır. Zərər çəkən insanların yarısından çoxu uşaqlardan ibarətdir. Münaqişə nəticəsində qaçqın düşmüş insanların əksəriyyəti Türkiyə, İraq, Livan, İordaniya, Misir və digər ölkələrdə məskunlaşmışdır. Münaqişə başladığı gündən etibarən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) digər beynəlxalq təşkilatlar və inkişaf agentlikləri ilə birgə suriyalı qaçqınlara humanitar yardım göstərməkdə davam edir.
AİDA da Suriyada yaşanan hadisələr nəticəsində ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Belə ki, 2015-ci ildə onlara ərzaq və ilkin ehtiyac məhsulları formasında yardım həyata keçirilmiş, 2012-ci ildə isə maliyyə yardımı göstərilmişdir.